Səyahət
və turizm – insanın müəyyən həyat tərzini xarakterizə edən ayrılmaz
anlayışlardır. Bu istirahət, aktiv əyləncə, idman, ətraf mühitin dərk olunması,
ticarət, müalicə və fəaliyyətin digər növləridir, lakin burada hər zaman
bilavasitə səyahəti müəyyən edən və onu digər fəaliyyət sahələrindən ayıran xarakterik
hərəkət – insanın daimi yaşayış yerindən digər əraziyə, ölkəyə, qitəyə
yerdəyişməsi iştirak edir.
Səyahət
– ümumi şəkildə götürdükdə insanların məkan və zaman daxilində yerdəyişməsidir.
Buna uyğun olaraq səyahətçi (və ya səyyah) – məqsəd, istiqamət, hərəkət
vasitələri və zaman kəsimlərindən asılı olmayaraq, iki və daha artıq məntəqəyə
səyahət edən insandır.
Bir çox səyahətlər
yeni ticarət yollarının kəşfi, Yer kürəsinin öyrənilməsi, naməlum ölkələrin və ərazilərin
kəşfi məqsədilə həyata keçirilmişdir. Məsələn, ərəb səyyahı İbn-Bəttutə (Abu
Abdulla Məhəhmməd ibn Abdulla əl-Ləvati ət-Tənci, 1304-1368) demək olar ki,
bütün Şərq ölkələrini piyada gəzmiş, Hindistan, Çində olmuş və özünün bir çox
ölkə və ticarət yollarının, müxtəlif xalqların adətlərinin coğrafi təsviri olan
“Rihlə” əsərini yazmışdır; İtalyan taciri Marko Polo (1254-1324) XIII əsrin
70-ci illərində öz ölkəsindən Çinə yollanmış və orada 17 il yaşamışdır; məhşur
dənizçi və səyyahlar Fernan Maqellan (1480-1524), Vasko da Qama (1469-1524), Xristofor
Kolumb (1451-1506) çox böyük kəşflər etmişlər. Müasir dövrün nəqliyyat
imkanları səyahətləri insan üçün rahat olan istənilən vaxtda həyata keçirməyə
imkan verir.
Zaman ötdükcə səyahətdən
turizm adlanan tamamilə yeni formasiya ayrıldı. Səyahətdən fərqli olaraq, turizm, iqtisadiyyat və siyasətin güclü
təsirini hiss edən kateqoriyadır. Turizm – ilk növbədə, dəqiq müəyyən olunmuş məqsədləri
olan, zaman kəsimləri ilə məhdudlaşdırılmış və bilavasitə turistlər tərəfindən
həyat keçirilən, yəni turistin fəaliyyəti hesab olunan səyahətlərin xüsusi kütləvi
növüdür; ikinci növbədə, bu cür səyahətlərin təşkili və həyata keçirilməsi
(müşayət olunması) üzrə fəaliyyət, yəni turizm fəaliyyətidir. Turizmə ilk təriflərdən
birini Avstriya iqtisadçısı Herman fon Şullard (Hermann Von Schullard) 1910-cu
ildə vermişdir. O turizmi “xarici vətəndaşların müəyyən ölkə, şəhər və region
daxilində və ondan kənarda girişinə, yaşamasına və hərəkətinə birbaşa aidiyyatı
olan və əsasən iqtisadiyyat xarakterli fəaliyyətin ümumi cəmi” kimi xarakterizə
etmişdir.
Turizm – səyahətdən xeyli sonralar meydana gəlmiş
termindir. Elmi ədəbiyyatlarda turizmə xeyli təriflər verilmişdir, lakin
etimoloji baxımdan “turizm” sözü fransız sözü olan “tourisme” sözündən meydana
gəlmişdir ki, burada da sözün kökü “tour” – səyahətə başladığın məkana
qayıtmaqla sona çatan səyahət, gəzinti kimi tərcümə olunur..
Turizm - müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli
fəaliyyətlə məşğul olmamaq şərtilə, şəxslərin istirahət, sağlamlaşdırma, tanış
olma, idrakı, iş-peşə, idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən digər
ölkəyə (və ya öz ölkə hüdudlarında digər regiona) müvəqqəti getmələridir.
Turizmin nə
vaxt yaranması barədə bu günə qədər bir çox fərziyyələr vardır. Bəzən məqsədinə
və hətta təşkili formasına görə turizm hesab oluna bilən səyahətlərin tək-tək
hallarına qədimdə - romalılarda, antik yunanlarda, bəlkə də daha qədim dövrlərdə
də rast gəlinmişdir. Orta əsrlərdə hətta Qüdsə - Müqəddəs torpağa və Romaya zəvvarlıq
həyata keçirən ayrı-ayrı qrupların müşayət olunmasına dair turizm fəaliyyətinin
başlanğıcını da izləmək mümükündür. Bu proseslərin dəqiq öyrənilməsi nəticəsində
onları qəti olaraq turizmə, daha doğrusu onun başlanğıcına aid etmək olar.
İnsanların nə məqsədlə səyahət etməkləri barədə bir çox fikirlər mövcudur, bəzilər
səyahəti insanların sadəcə istirahət etmək arzusu ilə, bəziləri gündəlik həyatdan
qaçaraq yeni insanlarla tanış olmaq arzusu ilə əlaqələndirirlər. Ümumiyyətlə
demək olar ki, turizm, insanların gərgin iş günlərindən dincəldiyi istirahət və
əyləncə sahəsidir. Səyahətlərin hər bir iştirakçısı özünü səyyah hesab edir və bu səyahətlər insanları mənəvi
və fiziki baxımdan zənginləşdirir.
Turizmin yeddi əsas
cəhəti vardır:
1) Sağlamlaşdırıcı
– həyat qüvvələrinin bərpasına xidmət edir;
2) İdman – hər
bir insanın əldə edə bilməyəcəyi nailiyyətlərlə əlaqədardır;
3) Estetik – təbiətin
gözəl mənzərələrindən (fauna və flora) zövq almaq imkanı verir;
4) Dərketmə -
bu cəhətlə insanın ətraf mühit haqqında informasiya almaq imkanı əlaqədardır;
5) Sosial-kommunikativ
– turizmin əsas tərkib hissələrindən hesab olunur. Belə ki, səyahətlərin
insanların kütləvi ünsiyyəti ilə əlaqədardır;
6) Emosional-psixoloji
– turizmin bu tərəfi müsbət emosiyalar əldə etmək və istirahət etmək imkanı
verir;
7) Yaradıcılıq
– ondan ibarətdir ki, səyahətlər insanların təsəvvür və fantaziyasını inkişaf
etdirir, qeyri-standart və müstəqil fikirləşməyə məcbur edir.
Turizm
hal-hazırda - unikal hadisə və fenomen olub, sosial-iqtisadi və ictimai münasibətlərin
inkişafı və formalaşmasının son mərhələlərində müasir sivilizasiyanın
doğurmasıdır. Turizmin tarixi 160 ildən çox deyil, məhz həmin dövrdə turizm
biznesinin ilk işçisi – ingilis Tomas Kuk öz fəaliyyətinin həyata keçirməyə
başlamışdır. 1841-ci ildə o, ilk dəfə olaraq öz həmfikirləri üçün Leyster şəhərindən
Lafboro şəhərinə ilk dəmir yolu turu həyata keçirmişdir. Bu, ilk növbədə
inkişaf etmiş ölkələrdə elmi-texniki inkişaf və sosial-iqtisadi münasibətlərin
dərin evolyusiyasının təbii nəticəsidir.
Turizm və səyahət
anlayışlarının bir-birinə çox yaxın olmaqlarına baxmayaraq, turizm səyahətdən fərqlənir
və burada 4 əsas fərq müəyyən olunmuşdur:
1.
Səyahətin məsafəsi – digər əraziyə
(region və ya ölkə) yerdəyişmə (müvəqqəti) – turizmin bazis nəzəriyyəsində əsas
kriteriyalardan biridir. Səyahət edənin öz həmişəki (daimi) yaşayış yerindən
uzaqlaşma məsafəsi kifayət etməlidir ki, o həmin ərazidə gecələyə bilsin.
2.
Səyahət edənin yaşayış yeri – bu, səyahət
edənin daxili və ya xarici turist kateqoriyasına aid etmək üçün çox vacibdir. Bu
kriteriya həm də səyahət edənin müəyyən ərazidə olması ilə əlaqədar münasibətlərin
tənzimlənməsi üzrə tətbiq olunan hüququ müəyyən edir və statistikanın
aparılması üçün lazım olur.
3.
Səyahətin məqsədi – məqsədlərin beynəlxalq
və milli təsnifatı mövcuddur. Turizmin əsas məqsədləri: əyləncə (attraktiv), rekreasiya
və dərketmə. Əhəmiyyətinə görə ikinci dərəcəli məqsədlərə sağlamlıq və müalicə,
daha sonra işgüzar, istirahət və s. aid edilir.
4.
Gedilən ərazidə qalma müddəti – turist
kateqoriyasına (bütün digər əlamətlər olmaq şərtilə), getdiyi yerdə (daimi
yaşayış yerindən başqa yerdə) 24 saatdan çox, 12 aydan az olan müddətə gedən səyahətçilər
aid edilir.
Turistin bir
çox tərifləri mövcuddur, lakin 1963-cü ildə BMT-nin Beynəlxalq turizmə dair
komfransında turistin aşağıdakı tərifi qəbul edilmişdir: Turist – istirahət, sağlamlaşdırma, tanışlıq, idrakı (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə
və s.),iş-peşə,idman və dini məqsədlərlə getdiyi ölkədə (yerdə) ödənişli fəaliyyətlə
məşğul olmamaq şərtilə 24 saatdan 12 ayadək müddətə müvəqqəti olan şəxsə
deyilir.
Turizm xidmətləri
tərkibinə ekskursiyalar da daxil edilir. Ekskursiya – turist və ya
ekskursiyaçının mənəvi, estetik, informasiya və digər dərketmə tələbatlarının
ödənilməsinin təmin edən turizm xidmətidir. Ekskursiyaçı – müəyyən ərazi,
yaşayış məntəqəsi və ya digər ölkə ərazisinə vətəndaşlıq, cins, dil və təhsilindən
asılı olmayaraq 24 saatdan az olan müddətə (həmin ərazidə gecələməyən) turizm məqsədilə
səyahət edən müvəqqəti (bir günlük) səyahətçidir. Ekskursiya zamanı
iştirakçılar ətraf mühit, təbiət hadisələri və abidələri, tarixi abidələr, məişət
element və səhnələri, ərazi, şəhər, region və s. görməli yerləri ilə tanış
olmaq imkanı qazanırlar.
Hiç yorum yok:
Yorum Gönder